Müharibələr arıları "sancır"

Maraqlı

22.05.2025 11:43

9

Arılar dünya üzrə ciddi təhlükə altındadır. 

TodayPress TV xəbər verir ki, Britaniyanın Ridinq Universitetinin rəhbərliyi ilə hazırlanan yeni hesabatda qarşıdakı 10 ildə tozlayıcıların, xüsusilə də arıların sayının azalmasını sürətləndirə biləcək 12 yeni təhdid müəyyən edilib.

Təhdidlər arasında müharibələr, mikroplastik çirklənməsi, süni işıqlandırma, antibiotik qalıqları və pestisid kokteylləri xüsusilə diqqət çəkir.

Məsələn, Ukraynadakı müharibə kimi silahlı münaqişələr ölkələri daha azsaylı məhsul növləri yetişdirməyə məcbur edir. Bu isə arıların mövsüm boyu müxtəlif qida mənbələrinə çıxışını məhdudlaşdırır və onların populyasiyasına birbaşa təsir edir.

Avropa boyunca aparılan araşdırmalarda test olunan 315 arı koloniyasının əksəriyyətində PET kimi sintetik plastik qalıqlarına rast gəlinib. Küçə işıqları isə gecə aktiv olan tozlayıcıların çiçəklərə ziyarətini 62 faiz azaldır. Antibiotik qalıqları və kimyəvi pestisid qarışıqları da arıların davranışlarını pozur və onların həyat dövrlərini təhlükə altına salır.

“Əgər erkən hərəkətə keçsək, ziyanın qarşısını ala bilərik. Tozlayıcıları qorumaq həm təbiəti, həm də ərzaq istehsalını qorumaq deməkdir” professor Saymon Potts bildirib.

Hesabatda arıları qorumaq üçün bir sıra həll yolları da təklif olunub. Bunlar arasında antibiotik çirklənməsinə qarşı daha sərt qanunlar, hava çirkliliyini azaltmaq üçün elektrikli nəqliyyat vasitələrinin yayılması və daha çox tozlayıcı bitki növlərinin əkilməsi kimi tövsiyələr yer alır.

Qiymət Mahir

tag: Arı,Dünya,Müharibə,Təhlükə,todaypress.tv,