“Soyuq ləkə” sirri açıldı: Qrenlandiyanın cənubunda su niyə isinmir?
Maraqlı
01.07.2025 19:15
Qlobal okean istiləşməsi fonunda Qrenlandiyanın cənubunda yerləşən bir su hövzəsinin soyuq qalmasının səbəbi alimlər tərəfindən araşdırılıb.
TodayPress TV xəbər verir ki, Kaliforniya Universitetinin (Riverside) alimləri bu ərazidəki suyun 100 illik temperatur və duzluluq göstəricilərini təhlil edərək nəticələrini "Communications Earth & Environment" jurnalında dərc ediblər.
Araşdırma göstərib ki, “soyuq ləkə” yalnız səthdə deyil, 3000 metr dərinliyədək müşahidə olunur. Bu anomaliyanın əsas səbəbi Atlantik meridional sirkulyasiyasının (AMOC) zəifləməsi ilə əlaqələndirilir. AMOC sistemi isti və duzlu su kütlələrini cənubdan şimala daşıyır, burada su soyuyur, sıxlaşır və dərinliklərə doğru enir. Lakin qütblərdə buzlaqların əriməsi nəticəsində okeana daxil olan təzə su bu dövranı pozur.
Alimlər qeyd edir ki, “soyuq ləkə” zonasında duzluluğun azalması, əvəzində ekvator yaxınlığında artması su hərəkətinin balanssızlaşdığını göstərir. Hesablamalara görə, 1900–2005-ci illər arasında dövriyyənin sürəti saniyədə 1–3 milyon kubmetr azalıb.
Əgər bu tendensiya davam edərsə, nəticələri qlobal miqyasda hiss olunacaq: Şimali Atlantikada qışların sərtləşməsi, tropik bölgələrdə mussonların pozulması və ərzaq təhlükəsizliyi üçün risklərin artması mümkündür.
Qeyd edək ki, daha əvvəlki araşdırmalar göstərmişdi: dünya okeanı artıq kritik turşuluq həddini keçib. Bu, atmosferdən sorulan CO₂-nin təsiri ilə dəniz canlılarının yaşama mühitinə ciddi ziyan vurur.
Qiymət Mahir
tag: Alim,Soyuq Ləkə,Qrelandiya,Dəniz,Todaypress.tv,