Roma imperatorlarının qızıl ipəyi yenidən yaradıldı
Maraqlı
30.06.2025 09:00
Cənubi Koreyanın Poxan Elm və Texnologiya Universitetinin (POSTECH) alimləri qədim dövrlərdə yalnız Roma imperatorları və papaların geyinə bildiyi nadir qızılı “dəniz ipəyinin” istehsal texnologiyasını bərpa ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə “Advanced Materials” elmi jurnalında məqalə dərc olunub.
Bu əfsanəvi material Aralıq dənizində yaşayan "Pinna nobilis" adlı molyuskun ifraz etdiyi bissus ipliklərindən hazırlanırdı. Molyusk bu ipliklərlə özünü qayalara yapışdırır. İpliklər yüngüllüyü, möhkəmliyi və parlaq, qızılı rəngi ilə seçilir. Bu materialdan hazırlanmış ən məşhur artefakt isə "Manopello Üz Örtüyü" adlı müqəddəs relikviyadır – rəngi əsrlərdir solmayıb.
Lakin ekoloji problemlər səbəbilə “Pinna nobilis” növü yox olma təhlükəsi altındadır və dəniz ipəyi demək olar ki, itirilmiş sənətkarlığa çevrilib.
POSTECH komandası çıxış yolunu Koreyada qida sənayesi üçün yetişdirilən “Atrina pectinata” adlı oxşar molyuskun bissus ipliklərində tapıb. Aparılan təcrübələr nəticəsində bu ipliklər uğurla işlənib və qədim qızılı parıltıya malik material yenidən yaradılıb.
Analizlər göstərib ki, bu parıltı boya ilə deyil, ipliklərin unikal zülal nanostrukturu sayəsində əldə olunur. “Fotonin” adlanan sferik zülal formaları lay-lay düzülərək işığı qırır və struktur boyama effekti yaradır – bu, kəpənəklərin qanadlarında görünən təbii parıltının eyni mexanizmidir.
“Zülal molekulları nə qədər səliqəli düzülürsə, rəng bir o qədər parlaq olur. Bu texnologiya min illərlə rəngin solmamasını təmin edir və heç bir kimyəvi boya tələb etmir”, – deyə layihə rəhbəri professor Donq Su Hvan bildirib.
Qeyd edək ki, əvvəllər “Atrina pectinata” molyuskunun bissus iplikləri tullantı hesab edilirdi. İndi isə onlar ekoloji cəhətdən təmiz, davamlı və öz-özünə rənglənən tekstil materiallarının əsasına çevrilə bilər.
Qiymət Mahir
tag: Alim,Elm,Roma,İpək,Todaypress.tv,