İsveçrəli alimlər “canlı” tikinti materialı hazırladı

Maraqlı

21.06.2025 18:30

Sürix Texnologiya İnstitutunun alimləri havadakı karbon qazını udan və zamanla möhkəmlənən yeni tikinti materialı hazırlayıb.

Materialın tərkibindəki siyanobakteriyalar fotosintez yolu ilə karbonu udur və onu minerallara çevirir.

TodayPress TV xəbər verir ki, bu “canlı” material hidrogelin içində yerləşdirilən bakteriyalar sayəsində nəfəs alır, günəş işığını qəbul edir və qidalanır.

3D texnologiya ilə istənilən forma verilir və binanın fasadında istifadə oluna bilir.

Laboratoriyada aparılan sınaqlarda material bir il ərzində sabit şəkildə karbon qazını udub. Hər qram 26 milliqram CO₂ qəbul edib ki, bu da çoxlu sayda adi bio-materiallardan daha yüksək nəticədir.

Yeni material artıq Kanadada və İtaliyada sərgilərdə nümayiş olunub. İki metrlik kolonlar ildə təxminən 18 kq karbon qazı udur – bu da bir ağacın gördüyü işə bərabərdir.

Alimlər hesab edir ki, bu texnologiya gələcəkdə binaları ətraf mühiti qoruyan “canlı orqanizmə” çevirə bilər.

Qiymət Mahir

tag: Sürix Texnologiya,Tikinti,Alim,Material,Todaypress.tv,