Çində 300 min illik taxta alətlər tapıldı

Maraqlı

05.07.2025 17:45

Çinin cənub-qərbində, Yunnan əyalətinin Gantanjin bölgəsində alimlər 300 min il yaşı olan taxta əmək alətləri aşkarlayıblar. Bu, erkən paleolit dövründə taxtanın emalına dair nadir arxeoloji sübutlardan biridir. 

TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.

Alimlər qədim Fuxian gölünün sahilində aparılan qazıntılar zamanı 35 ədəd taxta alət üzə çıxarıblar. Əksəriyyəti şam ağacından hazırlanmış bu alətlərin bəzisi qarmaq, bəzisi isə kəsici və sivri uclu forma daşıyır. Onların üzərində cilalanma, mikro cızıqlar və torpaq izləri aşkar edilib.

Qazıntılar zamanı taxta alətlərin mükəmməl vəziyyətdə qalması nadir hadisə sayılır. Bu, gölün gilli və oksigeni az olan təbəqəsində uzun müddət konservasiya olunması ilə əlaqədardır.

Yaş müəyyənləşməsi infraqırmızı lüminessensiya üsulu ilə, 10 minədək mineral dənəciyin analizi nəticəsində aparılıb. Əldə olunan nəticələrə görə, alətlərin yaşı 250-360 min il arasındadır.

Tədqiqatçılar bildirir ki, bu alətlər həm dövrün Avropa, həm də Afrika nümunələrindən daha mürəkkəbdir. Onların fikrincə, arxeologiyada üzvi materiallara – xüsusilə də taxtaya yetərincə diqqət verilmədiyi üçün qədim insanın bacarıqları indiyə qədər tam qiymətləndirilməyib.

Qiymət Mahir

tag: Çin,Taxta,Alət,300 min il,Todaypress.tv,