Marsda tapılan su izləri saxta çıxdı
Mars səthində onilliklər ərzində axan suyun mümkün əlaməti kimi qəbul olunan parlaq zolaqların əslində tamamilə fərqli mənşəyə malik olduğu ortaya çıxıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Nature Communications" jurnalında dərc olunan yeni tədqiqatda məlumat verilir.
ABŞ-nin Brauna və İsveçrənin Bern universitetlərinin alimləri maşın öyrənməsi (machine learning) alqoritmindən istifadə edərək Mars səthinin 86 mindən çox peyk görüntüsünü təhlil ediblər. Tədqiqat nəticəsində Qırmızı Planetdə bu günə qədər hazırlanmış ən geniş yamac zolaqları xəritəsi yaradılıb. Burada 500 mindən çox belə obyekt qeydə alınıb.
Əldə olunan məlumatlar Marsın iqlim və geoloji xüsusiyyətləri ilə müqayisə edildikdə məlum olub ki, bu zolaqlar əsasən güclü küləklər və toz yığıntılarının müşahidə olunduğu ərazilərdə əmələ gəlir. Bu isə onların maye suyun mövcudluğu ilə deyil, külək və toz eroziyası ilə bağlı olduğunu göstərir.
Qeyd edək ki, bu cür yamac zolaqların əvvəllər Marsın isti mövsümlərində əmələ gəldiyi və duzlu su axınlarının izləri ola biləcəyi düşünülürdü. Bu isə onların bioloji həyat üçün əlverişli mühitin göstəricisi kimi dəyərləndirilməsinə səbəb olmuşdu.
Lakin yeni tədqiqat bu fərziyyəyə ciddi şəkildə şübhə ilə yanaşmağa əsas verir və göstərir ki, Mars səthində müşahidə edilən bu zolaqların yaranmasında su deyil, külək və toz əsas rol oynayır.
Töhfə Səməd
tag: Mars ,Səth,Su,Külək,Toz,todaypress.tv,