Everestdə ekoloji yenilik: Zibilləri dronlar toplayır

Maraqlı

03.07.2025 19:15

Nepalda dronlar ətraf mühitin qorunmasına xidmət etməyə başlayıb. Artıq pilotsuz uçuş aparatları Everest dağının yamaclarındakı tullantıların toplanmasında istifadə olunur.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, son alpinist mövsümündə — aprel-may aylarında Çin istehsalı olan iki böyük DJI dronu 6000 metr hündürlükdə yerləşən ərazidən 280 kiloqramdan çox tullantı toplayıb. Nepallı rəsmilərlə əməkdaşlıq edən “Airlift” adlı şirkət də öz dron modellərini bölgədə sınaqdan keçirib.

Adətən, Everestdə təmizlik işlərini yerli əhali — tibetlilərin nəslindən olan şəxpalar həyata keçirir. Onlar hər biri ortalama 20 kiloqram tullantını öz belində daşıyaraq, dörd saatlıq gəzinti ilə dağdan aşağı endirirlər. Halbuki dronlar bu yolu cəmi altı dəqiqəyə qət edə bilir.

Bununla belə, yüksək dağlıq ərazilərdə seyrək hava və qeyri-sabit hava şəraiti səbəbindən dronların istifadəsi hələlik geniş miqyasda mümkün deyil.

Qeyd edək ki, daha əvvəl Avstraliyanın Sidney şəhərində də tullantıların fərqli üsulla utilizasiyası gündəmə gəlmişdi. Şəhər rəhbərliyi qida tullantılarını qara əsgər milçəklərinin sürfələri vasitəsilə məhv etməyə qərar verib. Yanvar-mart aylarında bu yolla 90 ton tullantı emal olunub.

Qiymət Mahir

tag: Nepal,Sidney,Dron,Çin,Todaypress.tv,