Dünyada İLK: Süni insan dərisi yaradıldı
Maraqlı
21.08.2025 19:15
Avstraliyada alimlər dünyada ilk dəfə damar sistemi, sinir ucları, tüklərin follikulları və immun hüceyrələri olan süni insan dərisi modelini laboratoriya şəraitində uğurla hazırlayıblar. Bu struktur indiyə qədər yaradılanlara nisbətən real insan dərisinə ən yaxın model hesab olunur.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri “Wiley Advanced Healthcare Materials” elmi jurnalında dərc edilib.
Queensland Universitetinin yaydığı məlumata görə, tədqiqatçılar insanın dəri hüceyrələrini kök hüceyrələrə çevirərək “dəriyə bənzər orqan” formalaşdırıblar. Daha sonra bu struktura laboratoriyada hazırlanmış mikroskopik qan damarları inteqrasiya edilib və nəticədə öz qan dövranı sisteminə malik çoxqatlı dəri toxuması əldə olunub.
Tədqiqatı aparan Dr. Abbas Şafiei bildirib ki, indiyə qədər yaradılan modellər yalnız dəri örtüyünün yuxarı qatlarını təqlid edə bilirdi. Lakin yeni strukturda tük follikulları, sinir hüceyrələri, piqmentasiya, immun sistemi və qan dövranı da yer alır. Bu isə onu insan dərisinə ən yaxın laboratoriya modeli edir.
Alimə görə, bu yenilik sayəsində sədəf, ekzema kimi dəri xəstəlikləri daha dəqiq öyrənilə, müalicə üsulları test edilə və yanıq, yara sağalmasında əhəmiyyətli irəliləyişlər əldə oluna bilər.
Töhfə Səməd
tag: Süni,İnsan,Dəri,Proses,Todaypress.tv,