Antarktidada elmə məlum olmayan radiosiqnallar aşkar edildi

Maraqlı

07.07.2025 18:45

ABŞ-nin Pennsilvaniya Universitetinin alimləri Antarktidada buz təbəqəsinin altından gələn və müasir fizika ilə izah olunmayan radiosiqnallar qeydə alıblar.

TodayPress TV xəbər verir ki, bu haqda “Physical Review Letters” jurnalı yazıb.

Siqnallar "ANITA" adlı xüsusi antena ilə aşkarlanıb. Qurğu neytrino adlı zərrəcikləri müşahidə etmək üçün nəzərdə tutulub. Neytrinolar maddə ilə nadir hallarda qarşılıqlı təsirə girən və Yer kürəsini sərbəst keçə bilən hissəciklərdir.

Lakin bu dəfə qeydə alınan siqnallar neytrinoların hərəkət trayektoriyasına uyğun gəlməyib. Onlar buzun altından elə bucaq altında gəlib ki, bu, fizika qanunları ilə mümkün sayılmır.

Alimlər ehtimal edir ki, siqnalların mənbəyi qaranlıq maddə, hələ kəşf olunmamış zərrəciklər və ya buz təbəqəsində radiosiqnalların fərqli yayılması ilə bağlı ola bilər.

Hazırda bu fenomeni araşdırmaq üçün Antarktidada "PUEO" adlı yeni eksperimentə başlanılıb. Məqsəd bu sirli siqnalların təbiətini anlamaq və fizika elminə yeni biliklər əlavə etməkdir.

Qiymət Mahir

tag: Antarktida,Radiosiqnal,Naməlum,Alimlər,Todaypress.tv,