20 ildir bu söhbətlər gəzir, amma... - RƏY
Qlobal maliyyə sistemində Çinin atdığı addımlar və ABŞ dollarına alternativ axtarışları yenidən dünya mətbuatının əsas müzakirə mövzularından birinə çevrilib. Pekinin banklararası valyuta ticarətini xarici maliyyə institutları üçün əlçatan etməsi, qızıl ehtiyatlarını ardıcıl olaraq artırması, ABŞ Xəzinədarlığının istiqrazlarını satması və BRICS çərçivəsində alternativ hesablaşma sistemlərini gündəmə gətirməsi qlobal ticarətdə yeni bir eranın başlanması ilə bağlı müzakirələrə yol açıb.
Bu addımların həqiqətən dollara qarşı “müharibə” xarakteri daşıması və ya yuanın dolları əvəz edib-etməyəcəyi sual doğurur.
Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu cür müzakirələr maliyyə dünyası üçün yeni deyil və prosesin arxasında müxtəlif iqtisadi mexanizmlər dayanır:

“Birincisi, Çin bu addımları çoxdan atmağa başlayıb. Beynəlxalq Valyuta Fondu (BVF) Çin yuanını artıq 10 ildir ki, xüsusi borcalma hüquqları (SDR) üzrə valyuta səbətinə daxil edib. Bu, əslində, heç də dollara qarşı yönəlmiş addım deyil. Dolların beynəlxalq maliyyə bazarlarında və qlobal ticarətdə mövqeyi hələ də dominant olaraq qalır. Ən maraqlısı isə odur ki, nə qədər qəribə səslənsə də, Çinin özünün də yuanın tamhüquqlu qlobal valyutaya çevrilməsində marağı yoxdur. Çünki yuanın məzənnəsi Çin hakimiyyəti tərəfindən inzibati qaydada tənzimlənir və ölkə ixrac üstünlüyünü qorumaq üçün bu prosesə nəzarət edir. Bu mövzu uzun illərdir müzakirə olunur. Mən şəxsən son 20 ildə bu müzakirələrin davam etdiyini görürəm. Amma fakt budur ki, dolların dünya ticarətindəki dominant mövqeyi hələ də zəifləməyib”.
Qeyd edək ki, bəzi beynəlxalq iqtisadçılar da Pekinin son dövrlərdə atdığı addımları – Honkonqda qızıl klirinq sisteminin qurulması, 70 milyard dollar dəyərində ABŞ Xəzinədarlığının istiqrazlarının satılması və BRICS Pay kimi layihələrin təşviqi – qlobal maliyyə risklərini azaltmağa yönəlmiş addımlar kimi qiymətləndirirlər.
Çin, Rusiya və Hindistan kimi ölkələr SWIFT sisteminə alternativ mexanizmləri sınaqdan keçirsələr də, dünya valyuta ehtiyatlarının və beynəlxalq ticarət əməliyyatlarının əhəmiyyətli hissəsi hələ də ABŞ dolları ilə ifadə olunur və dollar vasitəsilə həyata keçirilir.
Londonun maliyyə dairələrində və BVF çərçivəsində fiat valyutaların gələcəyi ilə bağlı aparılan müzakirələr yeni suallar doğursa da, yuanın inzibati qaydada tənzimlənən məzənnə rejimi onun yaxın gələcəkdə dolları əvəz etməsi ehtimalını məhdudlaşdırır. Beləliklə, qlobal maliyyə sistemində çoxqütblülük meyilləri güclənsə də, ABŞ dollarının beynəlxalq ticarətdəki mərkəzi rolunun yaxın gələcəkdə qorunub saxlanacağı gözlənilir.
Jalə Rövşən