11 ölkə topun ağzında - Şərqdə silahlar susmur...
ABŞ-nin təhlükəsizlik xəbərdarlıqları yayımladığı diplomatik missiyaların əhatə etdiyi ölkələrin sayı 11-ə çatıb. Siyahıya İordaniya, Livan, Qətər, İran, İraq, İsrail, Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən daxildir.
Yaxın Şərqi yaxın zamanda nə gözləyir?
Mövzu ilə bağlı siyasi analitik Sədrəddin Soltan TodayPress TV-yə açıqlamasında bildirib ki, regionda gərginliyin davam etməsi münaqişələrin həllindən asılıdır:

“Yaxın Şərqdə nə qədər ki, İran hakimiyyəti ilə ABŞ-İsrail münasibətlərində normallaşma baş verməyəcək, eləcə də Yəməndə husi qiyamçılarının hərəkatı dayanmayıb, Livanda Hizbullah hərəkatı anti-İsrail fəaliyyətini davam etdirir və nəhayət, Fələstinin ərazi bütövlüyü təmin olunmayıb, Fələstin-İsrail münasibətləri normallaşmayıb, yaxın Şərqdə gərginlik daim qalacaq”.
Onun sözlərinə görə, mövcud münaqişələr dövlətlərarası münasibətlərdə də problemlərin davam etməsinə səbəb olacaq:
“Sadaladığımız və sadalamadığımız münaqişələr fonunda dövlətlərarası münasibətlərdə daim problem olacaq. Məsələn, son zamanların hadisələri göstərir ki, Yaxın Şərqdə Sudan, Efiopiya və Somalidə baş verən hadisələr də perspektivdə Yaxın Şərq ölkələri arasında qarşıdurma yarada biləcək ocaqlardandır. Bu baxımdan, Yaxın Şərqdə tezliklə sülhün, əmin-amanlığın olacağını gözləmək sadəlövhlük olar”.
Sədrəddin Soltan ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatı ilə bağlı müzakirələrə də toxunub:
“Son günlərin xəbərlərinə əsasən, ABŞ-İsrailin İrana qarşı birgə əməliyyatı ehtimal olunur. Bir sıra mərkəzlər hesab edir ki, bu əməliyyat üç gün sürəcək. Amma İran tərəfi də müharibəyə, yəni İsrail-ABŞ-yə qarşı müharibəyə hazır olduğunu gizlətmir".
Onun sözlərinə görə, belə bir müharibə başlayarsa, əsas hədəflərdən biri SEPAH-ın zəiflədilməsi olacaq.
“ABŞ-İsrailin İrana qarşı müharibəsi başlayarsa, heç şübhəsiz, bunun əsasında İran İnqilab Keşikçiləri Qvardiyasının, yəni SEPAH-ın zəiflədilməsi və onun regionda, o cümlədən Hörmüz boğazında aparıcı güc, aparıcı silahlı qüvvə kimi çıxış etməsinin qarşısını almaq olacaq”, – deyə politoloq qeyd edib.
Analitik mümkün digər qarşıdurma ssenarilərinə də diqqət çəkib:
“Hər halda, müharibə ocağı kimi qiyamçı husilərin Səudiyyə Ərəbistanına qarşı, krallığın isə husilərə qarşı əməliyyatı ola bilər və ya bu qarşıdurma güclənər. Eləcə də ABŞ və İsrail ilə İran arasında silahlı qarşıdurmanın baş verməsi ehtimalı günün əsas proqnozlaşdırılan və izlənən hadisələrindəndir”.
Jalə Rövşən