Liftlərdə süni intellektdən istifadə ediləcək
İKT
09.10.2025 19:15
Yaponiyanın “Hitachi Building Systems” şirkəti liftlərin texniki xidmətində Amerikanın “Nvidia” şirkətinin süni intellekt (AI) sistemlərindən istifadə etməyi planlaşdırır. Bu addım Yaponiya əhalisinin qocalması nəticəsində yaranan ixtisaslı işçi çatışmazlığını aradan qaldırmağa yönəlib.
TodayPress TV xəbər verir ki, məlumatı "Nikkei Asia" yayıb.
Yeni sistemin tətbiqi nəticəsində texniki xidmət üçün tələb olunan işçi sayı təxminən iki dəfə azalacaq. AI sistemi işçilərin dəbilqələrinə və ya eynəklərinə quraşdırılmış kameralardan canlı görüntüləri toplayacaq, sonra məlumatları serverlərə göndərərək səsli və addım-addım təlimatlar təqdim edəcək.
Süni intellekt, həmçinin təmir zamanı dəyişdirilməli hissələri müəyyənləşdirəcək və işin gedişi haqqında avtomatik hesabatlar hazırlayacaq.
“Hitachi” yeni texnologiyanı 2026-cı ilin ikinci yarısında istifadəyə verməyi planlaşdırır.
Yaponiya Lift Assosiasiyasının məlumatına görə, 2024-cü maliyyə ilində ölkə üzrə təxminən 782 min lift planlı təmirə cəlb olunub.
Türkan İsgəndərli
tag: Yaponiya,Lift,Yaşlı,Süni İntellekt,Todaypress.tv,
