Tural Məmmədov: “Ağıllı şəhərlərdə kibermüharibə simulyasiyası real təhdidlərə qarşı sınaqdır”
İKT
09.10.2025 09:23
Bu gün Bakı Konqres Mərkəzində “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” adlı kibertəhlükəsizlik festivalı öz işinə başlayıb.
Tədbir Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə keçirilir.
TodayPress TV xəbər verir ki, CIDC-2025 Təşkilat Komitəsinin sədri Tural Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, festival dörd əsas hissədən ibarətdir.
Bunlar təlimlər, sərgi, konfrans və kibermüharibə yarışıdır.
Onun sözlərinə görə, festival çərçivəsində altı fərqli istiqamətdə xüsusi kibertəhlükəsizlik təlimləri keçiriləcək:
"Bu təlimlər çox spesifik istiqamətləri əhatə edir və bu sahədə indiyədək heç bir kurs və ya proqramda keçirilməyən mövzuları əhatə edir".
Tural Məmmədov qeyd edib ki, tədbirin digər mühüm hissəsi İnformasiya Təhlükəsizliyi Sərgisidir. Burada kibertəhlükəsizlik sahəsində ən son texnoloji həllər və yeniliklər nümayiş olunur.
Festivalın üçüncü hissəsini təşkil edən konfrans bölməsində isə “ağıllı şəhərlər” və “kritik infrastrukturların müdafiəsi” mövzularında 10 təqdimat və 5 panel müzakirəsi planlaşdırılıb.
Tədbirin ən maraqlı mərhələlərindən biri isə kibermüharibə yarışı olacaq. Bu il yarışın mövzusu “Ağıllı şəhərlərdə kibermüharibə simulyasiyası” adlanır.
"Bu mövzunun seçilməsi təsadüfi deyil. Cənab Prezident İlham Əliyevin kritik infrastrukturların təhlükəsizliyi ilə bağlı verdiyi tapşırıqlardan və qəbul olunmuş qanunvericilik aktlarından irəli gəlir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına, Dövlət Təhlükəsizliyi Xidməti isə ümumi kritik infrastrukturlara nəzarət istiqamətində birgə fəaliyyət göstərir".
O bildirib ki, bu cür tədbirlər kibertəhlükəsizlik sahəsində maarifləndirməni və təcrübə mübadiləsini artırmaq məqsədi daşıyır.
Türkan İsgəndərli
tag: Konqres,CIDC,Kibertəhlükəsizlik,İnformasiya,Todaypress.tv,
