İlqar Musayev: "Rəqəmsal texnologiyalar strateji sahələrdə hədəfə çevrilə bilər"

İKT

09.10.2025 10:14

"Enerji idarəetmə sistemləri, nəqliyyat şəbəkələri, səhiyyə və təhsil kimi strateji sahələrdə tətbiq olunan rəqəmsal texnologiyalar artıq kibermühitdə potensial hədəflərə çevrilir".

TodayPress TV  xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev “CIDC-2025” kibertəhlükəsizlik festivalı çərçivəsində keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, kibertəhlükəsizlik bu gün milli təhlükəsizlik məsələsinə çevrilib:

"Hazırda enerji idarəetmə sistemlərindən tutmuş nəqliyyat şəbəkələrinə, səhiyyədən təhsil sistemlərinə qədər bir çox sahə sürətlə rəqəmsallaşır. Lakin bu sistemlərin hər biri kibermühitdə potensial hədəfə çevrilə bilər. Bu baxımdan keçiriləcək "Ağıllı şəhərlərdə kibermüharibə" yarışı xüsusi əhəmiyyət daşıyır. Bu yarış rəqabət platforması olmaqla yanaşı, həm də öyrənmək, təcrübə toplamaq və əməkdaşlığı gücləndirmək üçün mühüm fürsətdir".

İlqar Musayev əlavə edib ki, dünyada və regionda baş verən geosiyasi və texnoloji proseslər informasiya təhlükəsizliyini və kritik infrastrukturların müdafiəsini dövlətlərin milli təhlükəsizlik gündəliyinin əsas istiqamətlərindən birinə çevirib.

"Məhz bu baxımdan CIDC-2025 çərçivəsində təşkil olunan tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Burada kritik informasiya sistemlərinin kibermüdafiə qabiliyyətinin artırılması, böhran vəziyyətlərində idarəetmə ssenarilərinin simulyasiya olunması və yeni texnoloji yanaşmaların tətbiqi həyata keçirilir".

General-leytenant qeyd edib ki, bu platforma Azərbaycanın kibertəhlükəsizlik sahəsində mövqeyini daha da möhkəmləndirməklə yanaşı, yeni imkanlar və tendensiyaların formalaşmasına da təkan verir.

Türkan İsgəndərli

TodayPress TV

tag: İlqar Musayev,XRİTDX,CIDC-2025,Festival,Todaypress.tv,