"Android 16"nın yeni beta versiyası təqdim edildi
ABŞ texnologiya nəhəngi "Google", yeni "Android 16" əməliyyat sisteminin ilk beta versiyasını təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Android Developer" rəsmi saytı məlumat yayıb.
"Android 16 QPR1 Beta 1" versiyası "Google I/O" konfransında nümayiş olunub. Bu beta, "Android 16"nın rüblük yenilənməsinin ilk mərhələsi hesab olunur və artıq "Google Pixel" smartfonları üçün qlobal miqyasda yüklənə bilir.
Yeni versiyanın əsas yeniliyi "Material 3 Expressive" dizayn standartına uyğun yenilənmiş istifadəçi interfeysidir. Sistemə yeni animasiyalar, servis ikonları, parametrlərin tənzimlənməsi üçün modern polzunqar və təkmilləşdirilmiş vidcetlər əlavə edilib.
Beta istifadəçiləri həmçinin bir sıra fərdiləşdirmə imkanlarını da test edə biləcəklər. "Pixel" sahibləri bildirişlərin formasını və ölçüsünü seçə, blok ekranındakı saatın stilini dəyişə və kilidli ekran üçün vizual effektlər qura biləcəklər.
"Google" mühəndisləri xəbərdarlıq edib ki, beta versiya tam sabit deyil, lakin rəsmi stabil versiya 2025-ci ilin iyununda ictimaiyyətə təqdim olunacaq.
Xatırladaq ki, aprel ayında "Android 16"nın dördüncü beta versiyası istifadəyə verilmişdi və bu, sistemin ictimai buraxılışdan əvvəlki son test versiyası idi.
Töhfə Səməd
tag: ABŞ ,Texnologiya,Google,Android 16,todaypress.tv,