Tepçayya Un-Nuh karyerasında 6-cı maksimal breykini etdi
İdman
25.08.2025 16:20
Tailandlı snukerçi Wuhan Open-2025 turnirində çinli Pan Cünsyu ilə görüşdə karyerasının altıncı maksimal breykini (147 xal) rəsmiləşdirib.
TodayPress TV xəbər verir ki, Un-Nuh bunu oyunun altıncı freymində reallaşdıraraq matçı 5:1 hesabı ilə qazanıb.
Snukerçi daha əvvəl maksimal nəticəni avqustun 10-da Səudiyyə Ərəbistanında keçirilən Saudi Arabia Masters 2025 turnirində göstərib.
Nəticədə, Un-Nuh cari mövsümdə qeydə alınan 7-ci, snuker tarixində isə 224-cü maksimal breykin müəllifi olub.
Qeyd edək ki, həmin turnirdə 7 qat dünya çempionu, ingilis Roni O’Sallivan da həmyerlisi Kris Veyklinə qarşı görüşdə iki dəfə maksimal breyk edib.
Xatırladaq ki, maksimal breyklərin sayına görə rekord Roni O’Sallivana məxsusdur. Onun aktivində 17 maksimum var. O, həm də Ginnes rekordçusudur. O’Sallivan 1997-ci il dünya çempionatında ən sürətli maksimalı cəmi 5 dəqiqə 8 saniyəyə reallaşdırıb.
Namiq HUN
tag: Tepçayya Un-Nuh,Snuker,Rekord,Breyk,Todaypress.tv,