Qətər Yay Olimpiya Oyunlarına ev sahibliyində iddialıdır: "Biz tam hazırıq"

İdman

22.07.2025 19:30

Qətər Olimpiya Komitəsi 2036-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün Beynəlxalq Olimpiya Komitəsi ilə rəsmi danışıqlara başladığını elan edib.

TodayPress TV xəbər verir ki, 2022-ci ildə futbol üzrə dünya çempionatına və 2024-cü ildə Asiya Kubokuna ev sahibliyi edən Qətər bu addımı ilə İndoneziya, Türkiyə, Hindistan və Çilinin də yer aldığı namizədlər siyahısına qoşulub.

Maraq göstərən digər ölkələr arasında Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Misir, Macarıstan, İtaliya, Almaniya, Danimarka və Kanada da var.

Qətər Olimpiya Komitəsinin rəhbəri Şeyx Cohaan bin Həməd Al-Tani bildirib ki, ölkədə yarışlara ev sahibliyi etmək üçün zəruri olan idman infrastrukturunun 95%-i artıq hazırdır və yaxın illərdə bu göstəricinin 100%-ə çatdırılması planlaşdırılır. Plan həm də sosial, iqtisadi və ekoloji baxımdan davamlı irs yaratmağı hədəfləyir.

Əgər namizədlik uğurlu alınarsa, Qətər Olimpiya Oyunlarına ev sahibliyi edən ilk Yaxın Şərq ölkəsi olacaq.

Qeyd edək ki, Doha şəhəri 2030-cu ildə Asiya Oyunlarına da ev sahibliyi edəcək. Regionda idman tədbirlərinə marağın artdığı bir vaxtda Səudiyyə Ərəbistanının 2034-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etməsi də diqqət çəkir.

Töhfə Səməd

tag: Qətər ,Olimpiya Komitəsi,Paralimpiya ,Todaypress.tv,