Saynzdan “Uilyams”a sədaqət mesajı: “Gəmini tərk etmərəm”
“Uilyams” komandasının pilotu Karlos Saynz 2027-ci il mövsümündə “Audi”yə keçəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
TodayPress TV “Motorsport”a istinadən xəbər verir ki, ispaniyalı pilot Britaniya komandasında qalmaq niyyətində olduğunu bildirib.
“Mənim üçün bu, paddokda yayılan adi söz-söhbətlər idi. Təsdiqləyə bilərəm ki, bu il heç vaxt ciddi şəkildə başqa komandaya keçmək variantını nəzərdən keçirməmişəm.
Adətən müqavilə imzalamazdan əvvəl bütün vəziyyəti qiymətləndirirsən. Bütün variantlara baxdıqdan sonra mənim üçün başqa bir vacib məqam ortaya çıxdı: komanda çətin dövr keçirərkən onu tərk etməyi heç vaxt sevməmişəm. Mənim xarakterim belə deyil ki, komandaya gəldikdən sonra vəziyyət pisləşəndə başqa yerə gedim.
“Uilyams” layihəsinə qoşulanda çətin anların ola biləcəyini anlayırdım. Hazırkı dövr xüsusilə ağır olsa da, bunu qəbul etməyə hazıram.
Heç kim komandadakı hazırkı vəziyyətdən razı deyil və hamımız bunu mümkün qədər tez dəyişməyə çalışırıq. Amma dediyim kimi, çətin vaxtlar başlayanda gəmini tərk etmək mənim xarakterimə uyğun deyil”, – Saynz deyib.
Namiq HUN