Şahmat üzrə Avropa Kubokunda son tur həyəcanı

İdman

25.10.2025 09:15

Yunanıstanda Avropa Klub Şahmat Kuboku turniri davam edir.

TodayPress TV xəbər verir ki, Rodos adasında Azərbaycanı təmsil edən Vüqar Həşimov komandası son tur ərəfəsində inamlı qələbə qazanıb. 

Heyəti Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Read Səmədov, Vüqar Manafov, Xəzər Babazadə və qazaxıstanlı Nogerbek Kazıbekdən ibarət olan komandamız VI turda Almaniya təmsilçisi “Verder Bremen”i 4,5-1,5 hesabı ilə məğlub edib.

Hesabında 10 xalı olan “Vüqar Həşimov” komandası altıncı yerdə məskunlaşıb. 

Müxtəlif klubların heyətində çıxış edən şahmatçılarımızdan ən yaxşı göstərici Gövhər Beydullayevanın yer aldığı Serbiyanın “Sirmium Sremska Mitrovica” komandasına məxsusdur. Balkan təmsilçisi 10 xala ikincidir.  

Ülviyyə Fətəliyevanın oynadığı Rumıniyanın “Superchess” komandası isə 7 xalla altıncı yerdədir.

Kişi şahmatçılarımızdan Şəhriyar Məmmədyarov və Xaqan Əhmədin oynadığı Türkiyənin “Beyegan Pendik” və “Türk Hava Yolları” komandaları hərəyə 9 xalla müvafiq olaraq səkkizinci və doqquzuncu yerdədirlər.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən Avropa Klub Şahmat Kuboku turniri oktyabrın 25-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

tag: Şahmat,Avropa Klub Şahmat Kuboku,Yunanıstan,Yarış,Todaypress.tv,