“Qəbələ” Kaxaber Sxadadzeni istefaya göndərəcək?
İdman
07.10.2025 16:31
“Qəbələ” klubunun ardıcıl uğursuz oyunlarından sonra baş məşqçi Kaxaber Sxadadzenin istefası gündəmə gəlib.
TodayPress TV futbolinfo.az-a istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın Premyer Liqanın VII turunda “Şamaxı” klubuna (0:1) ev məğlubiyyəti azarkeşlərin etirazına səbəb olub.
İş o həddə çatıb ki, gürcü mütəxəssis tribunaya hücum çəkərək fanatlarla söz duelinə çıxıb. Bu vəziyyət klubun sahibi olan Tale Heydərovun xoşuna gəlməyib. O, klub prezidenti Fariz Nəcəfovdan gürcü mütəxəssisin özbaşınalığına son qoyulmasını tələb edib. Sxadadzenin hər mətbuat konfransında heyətin yetərsiz olduğunu dilə gətirməsi və klub rəhbərliyini hədəf göstərməsi də bağışlana bilməz.
Çünki “Qəbələ”nin son turda uduzduğu “Şamaxı” ilə müqayisədə daha yaxşı büdcəsi var. Dövlətin ayırdığı vəsait və yerli bazadan əldə olunan gəlir bütünlüklə əsas komandaya sərf olunur. Bundan başqa, sponsorlar da kluba 1 milyon dollar yardım edir. Bu qədər dəstəyin qarşılığında yalnız dövlətdən alınan vəsaitlə dolanan “Şamaxı”ya uduzmaq utancvericidir.
Milli komandalara görə yaranan fasilə Sxadadze üçün son şansdır. Əks halda, istefa qaçılmaz olacaq.
Xatırladaq ki, bir neçə həftə öncə Adil Şükürov “Kəpəz”dən məhz fanatlarla xoşagəlməz mübahisədən sonra qovulmuşdu.
Namiq HUN
tag: Qəbələ,Kaxaber Sxadadze,Klub,İstefa,Todaypress.tv,
