“Panatinaikos”un sahibi barəsində axtarış elan olundu

İdman

02.06.2025 12:13

Yunanıstanın “Panatinaikos” basketbol klubunun sahibi Dimitris Yannakopulos barəsində rəsmi axtarış elan olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə “Eurohoops” nəşri “Olimpiakos”a istinadən məlumat yayıb.

Hadisə Yunanıstan çempionatının final seriyasının ikinci oyunu zamanı baş verib. Yannakopulos qarşılaşmanın əvvəlində meydandan uzaqlaşdırılıb. Lakin o, arenanı dərhal tərk etməyib və komandaların paltardəyişmə otaqları yaxınlığında qalıb. “Panatinaikos”un mətbuat xidmətinin məlumatına görə, o, “Olimpiakos” azarkeşlərinin özü və qızı haqqında səsləndirdiyi təhqiramiz şüarlara etiraz məqsədilə meydançanı tərk etməyib.

Lakin “Olimpiakos” klubunun verdiyi məlumata əsasən, prokuror Yannakopulosun dərhal saxlanılmasını əmr edib. O isə həbsdən yayınmaq üçün arenadan qaçıb.

Oyundan sonra “Olimpiakos”un sahibləri, Giorqos və Panayotis Angelopulos qardaşları Yannakopulosun tribunadakıları təhqir etdiyinə görə meydançadan uzaqlaşdırıldığını bildiriblər. Klub sahibinə qarşı məhkəmə iddiası qaldırılıb və Yunanıstan qanunvericiliyinə əsasən, o, artıq 48 saat ərzində istintaqa cəlb olunmaq üçün axtarışdadır.

Panayotis Angelopulos həmçinin ciddi ittiham irəli sürərək bildirib ki, Yannakopulos Giorqosun qızına qarşı seksual zorakılıqla təhdid edib.

“Yannakopulos iyrənc bir adamdır. O, Giorqosun qızına təcavüz edəcəyini və onu buna baxmağa məcbur edəcəyini söylədi. Belə biri idmanda yer ala bilməz”, – deyə Angelopulosun sözlərini “Eurohoops” saytı sitat gətirib.

Namiq HUN

tag: Yunanıstan,Basketbol,Klub,Axtarış,Todaypress.tv,