NBA-da final seriyasının üçüncü oyunu keçirildi

İdman

12.06.2025 10:30

ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) final seriyasının üçüncü oyunu keçirilib.

TodayPress TV xəbər verir ki, həlledici oyunda növbəti dəfə “İndiana Peysers” və “Oklahoma-Siti Tanders” komandaları üz-üzə gəliblər.

Rəqibinə 116:107 hesabı ilə qalib gələn İndianapolis təmsilçisi həlledici mərhələdə önə keçib - 2:1.

Amerikalı ekspert Mayk Prada “Oklahoma”nın baş məşqçisi Mark Deyqnoltun taktiki qərarını tənqid edib. O, mütəxəssisin ikinci hissədə rotasiyanı kəskin şəkildə azaltmaqla səhvə yol verdiyini bildirib:

“Adətən həlledici anlarda rotasiyanın daraldılması normaldır. Amma bu, “İndiana”ya qarşı işləmir. Onların ehtiyat oyunçular skamyası güclüdür və bu cür rəqibə qarşı yalnız əsas oyunçularla oynamaq komandaya baha başa gəlir. Sonuncu periodda “Oklahoma” oyunçuları fiziki olaraq tükənmiş görünürdülər, “İndiana” isə sanki ikinci bir oyuna da hazır idi. Deyqnolt mövsüm boyunca ehtiyat oyunçular - Aaron Uiqqins, Ayze Co və digərlərinə güvənirdi, lakin bu dəfə onlara şans vermədi. Ən azı Şey Gilces-Aleksander kimi əsas oyunçuya nəfəs alma imkanı yaratmaq lazım idi”.

Növbəti oyunlarda Mark Deyqnoltun rotasiya qərarlarında dəyişiklik edib-etməyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, tərəflər arasındakı dördüncü qarşılaşma iyunun 14-də, Bakı vaxtı ilə saat 04:30-da start götürəcək.

Namiq HUN

tag: NBA,Milli Basketbol Assosiasiyası,ABŞ ,“İndiana Peysers,todaypress.tv,