Mourinyo maddi maraq güdən oyunçularla işləmək istəmir

İdman

28.06.2025 11:20

“Fənərbağça” klubu “Mançester Yunayted”in cinah oyunçusu Ceydon Sançonu transfer etməyə yaxın olsa da, bu keçid baş tutmayıb. 

TodayPress TV Fanatik nəşrinə istinadən xəbər verir ki, transferə klubun baş məşqçisi Joze Mourinyo mane olub.

Bildirilir ki, portuqaliyalı mütəxəssis Sançonun davranış və peşəkarlığı ilə bağlı “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorimlə məsləhətləşib.

Alınan rəylərdən sonra Mourinyo keçidi məqsədəuyğun saymayıb. O, komandasında yalnız işinə ciddi yanaşan və kluba sədaqət göstərən futbolçuları görmək istədiyini bildirib. Joze, Türkiyəyə yalnız maddi maraq naminə gəlmək istəyən oyunçularla işləmək istəmir.

Xatırladaq ki, Sanço ötən mövsümü “Çelsi”də icarə əsasında keçirib. London təmsilçisi ilə UEFA Konfrans Liqasının qalibi olan futbolçu turnirdə 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Komanda eyni zamanda UEFA  Çempionlar Liqasına vəsiqə qazanıb. Lakin buna baxmayaraq, “Çelsi” Sançonun birdəfəlik transferindən imtina edib.

Hazırda onun “Napoli” və “Yuventus”la da adı hallanır.

Namiq HUN

tag: Maurinyo,Fənərbağça,Məşqçi,Klub,Todaypress.tv,