“Mançester Siti” Qvardiolanın varisini müəyyənləşdirdi

İdman

21.06.2025 10:54

“Mançester Siti” klubu baş məşqçi Pep Qvardiolanın gələcəkdə komandadan ayrılacağı ehtimalını nəzərə alaraq onun yerinə uzunmüddətli perspektivdə rəhbərlik edə biləcək namizədi müəyyən edib.

TodayPress TV Footballtransfer.com.ua-ya istinadən xəbər verir ki, klub rəhbərliyi ispan mütəxəssisin 1-2 il ərzində Premyer Liqanı tərk edəcəyini gözləyir və bu səbəbdən onu əvəz edə biləcək potensial baş məşqçi axtarışındadır. 

Bildirilir ki, Qvardiolanın yerinə əsas namizəd İtaliya A Seriyasında “Komo” klubunu çalışdıran Sesk Fabreqasdır. 38 yaşlı mütəxəssisin taktiki baxımdan dəqiq yanaşması, sakit və özünəinamlı davranışı, habelə mövqeli futbola dair dərin bilikləri “Mançester Siti” rəhbərliyində böyük təəssürat yaradıb.

Qeyd edək ki, Fabreqas baş məşqçi kimi ilk mövsümündə “Komo”nu A Seriyasında 10-cu pilləyə yüksəldə bilib. 

Xatırladaq ki, Pep Qvardiola ilə klub arasında müqavilə 2027-ci ilə qədər uzadılıb. Lakin rəhbərlik artıq gələcək üçün hazırlıq işlərini görür.

Namiq HUN

tag: Mançester Siti,Xosep Qvardiola,Fabreqas,Məşqçi,Todaypress.tv,