“Infantino futbolu dəyişib!” – Eto’odan FIFA rəhbərinə dəstək

“Infantino futbolu dəyişib!” – Eto’odan FIFA rəhbərinə dəstək
25.08.2026 09:57 İdman

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto’o FIFA prezidenti Canni Infantinoya dəstəyini ifadə edib.

TodayPress TV CNN-ə istinadən xəbər verir ki, Eto’o bunu FIFA rəhbərinin “FIFA Forward Enterprise” (FFE) layihəsi ətrafında gedən müzakirələr fonunda deyib.

O, Infantinonun hər hansı səhvə yol verdiyini düşünmədiyini bildirib və tənqidlərin qarşıdan gələn FIFA prezident seçkiləri ilə əlaqəli olduğunu vurğulayıb.

“Düşünmürəm ki, prezident Canni Infantino hər hansı səhvə yol verib. Hesab edirəm ki, bütün bu vəziyyət qarşıdan gələn və Canni Infantinonun namizəd olduğu seçkilərlə bağlıdır. Bütün bunlar yaxınlaşan seçkilər səbəbindən baş verir – vəssalam.

Prezident Canni Infantino futbolu dəyişib. O, əvvəllər belə imkanı olmayan ölkələrə ən möhtəşəm turnirdə – dünya çempionatında iştirak etmək imkanı verdi. Kiçik ölkələrə bu yarışlarda yer qazandırdı.

O, qitəmizə kömək edib. Federasiyalarımızın daha sürətli inkişaf etməsinə şərait yaradıb və biz bunu etiraf etməliyik. Onun gördüyü işləri qəbul etməli və qiymətləndirməli, bu günə qədər gördüyü bütün işlərə görə onu dəstəkləməliyik”, – deyə Eto’o bildirib.

Qeyd edək ki, “FIFA Forward Enterprise” (FFE) FIFA-nın təxminən 20 milyard dollar dəyərində kommersiya törəmə şirkəti yaratmasını nəzərdə tutan layihədir. Plana əsasən, dünya çempionatlarının sponsorluq, media hüquqları və bilet satışına dair hüquqların idarəçiliyi bu şirkətə verilə, daha sonra isə şirkətin müəyyən hissəsi özəl investorlara satıla bilər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər