“Haas” veteranı Romen Qrojan “Formula1” sükanına geri döndü

İdman

26.09.2025 15:50

Romen Qrojan 5 ildən sonra ilk dəfə “Formula1” bolidinə qayıdıb.

TodayPress TV xəbər verir ki, “Formula1”in “Haas” komandası sosial şəbəkələrdə 39 yaşlı fransız pilot Romen Qrojanın İtaliyanın Mucello trasında “Pirelli” testlərinə çıxışı ilə bağlı məlumat yayıb.

Testlər 2026-cı il mövsümü üçün İtaliya istehsalçısının təqdim edəcəyi şinlərin sınağına həsr olunub. 

Qrojan, 2020-ci ildə Bəhreyn Qran Prisində baş verən dəhşətli qəzadan və “Formula1”dən ayrıldıqdan sonra ilk dəfədir ki, yenidən bolid sükanı arxasına keçir. 

Xatırladaq ki, həmin yarışda onun bolidi yüksək sürətlə baryerə çırpılmış, iki yerə bölünmüş və dərhal alışmışdı. Fransız pilot güclü yüklənməyə və alova baxmayaraq, boliddən müstəqil şəkildə çıxaraq əl nahiyələrindən yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Mucello trasındakı testlərdə “Haas”la yanaşı, “Ferrari” komandasında çıxış edən Şarl Lekler və Quanuy Çjou da iş başındadır. Çinli pilotu əvəz etməli olan Lyuis Hemilton hazırda öz sevimli iti Rosko ilə birlikdə klinikadadır.

Namiq HUN

TodayPress TV

tag: Romen Qrojan,Haas,Formula 1,Bolid,Todaypress.tv,