Güləşçilərimiz Dünya Seriyasının qalibi oldu

İdman

20.10.2025 15:45

Azərbaycanın iki çimərlik güləşçisi Misirdə keçirilən Dünya Seriyasının baş mükafatını qazanıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, İbrahim Yusubov (90 kq) A qrupunda amerikalı, yunanıstanlı və gürcüstanlı rəqiblərini üstələyərək yarımfinala vəsiqə qazanıb. Finala aparan yolda digər amerikalı güləşçi də Yusubovla bacarmayıb. İsgəndəriyyə turnirinin finalında isə İbrahim ukraynalı Oleksey Yakovçuka (2:1) qalib gələrək Dünya Seriyasının çempionu olub.

Milli üzvü Sahib Dadaşov (80 kq) misirli, gürcüstanlı, moldovalı və serbiyalı rəqiblərini məğlub edərək A qrupunun lideri kimi yarımfinal mərhələsinə yüksəlib.  

Vüsal Əliyev (80 kq) isə gürcüstanlı rəqibinə qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıb. Güləşçimiz daha sonra ukraynalı həmkarına məğlub olsa da, növbəti turlarda fransalı və yunanıstanlı rəqiblərini üstələyərək B qrupunda ikinci yerin sahibi kimi yarımfinala adını yazdırıb. 

Təmsilçilərimiz güclü kvartetdə üz-üzə gəlib və Vüsal Sahibi (3:2) məğlub edib. Daha sonra Vüsal Əliyev finalda ukraynalı Mixaylova (2:3) yenilərək yarışı gümüş medalla başa vurub. Sahib Dadaşov isə gürcü Zoidzeyə (4:2) qalib gələrək bürünc medal qazanıb. 

Dünya Seriyasının final mərhələsi başa çatdıqdan sonra bütün 5 mərhələdə güləşçilərin topladığı xallar hesablanıb və hər çəki üzrə yekun "3"lük müəyyənləşib. Nəticədə bu il çimərlik güləşində debüt edən Vüsal Əliyev (80 kq) dünya çempionu olub. Təcrübəli güləşçimiz İbrahim Yusubov (90 kq) isə 4 qat dünya çempionu ünvanına sahib çıxıb.

Qeyd edək ki, ilk dəfə bir mövsümdə baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 2 təmsilçimiz böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionu adını qazanıb. 

Namiq HUN

TodayPress TV

tag: Çimərlik,Güləş,Misir,Turnir,Todaypress.tv,

photo
photo