“Formula-1”də 2027-ci il mövsümünün başlanğıcı dəyişə bilər
Çin Qran-prisi “Formula-1” üzrə 2027-ci il dünya çempionatının ilk mərhələsinin keçirilməsi üçün əsas namizədlərdən birinə çevrilib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Race” nəşri məlumat yayıb.
Buna səbəb çempionatın gələn mövsümə Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarışlarla başlaya bilməməsi ehtimalıdır.
“Formula-1” rəhbərliyi fevral ayında ABŞ və İran arasında başlayan münaqişədən sonra Yaxın Şərqdəki vəziyyəti diqqətlə izləyir. Qarşıdakı həftələrdə veriləcək qərarlar həm cari mövsümün son hissəsinə, həm də 2027-ci ilin yarış təqviminə təsir göstərə bilər.
İlkin plana əsasən, 2027-ci il mövsümü martın 14-də Bəhreyn Qran-prisi ilə başlamalı, bir həftə sonra isə Səudiyyə Ərəbistanında yarış keçirilməlidir. Daha sonra Avstraliya, Yaponiya və Çində ardıcıl üç yarışın təşkili nəzərdə tutulur.
Lakin sentyabrın sonunadək regiondakı vəziyyət yaxşılaşmasa, “Formula-1” mövsümün başlanğıcı ilə bağlı planlarını dəyişməli ola bilər.
Mənbənin məlumatına görə, əsas alternativ ssenari mart ayında Çin Qran-prisi ilə mövsümə start verilməsi, ardınca isə Yaponiyada yarışın keçirilməsidir. Avstraliya Qran-prisini daha erkən tarixə keçirmək isə mümkün görünmür. Melburnda yeni pit-leyn binasının tikintisinin vaxtından əvvəl başa çatdırılması planlaşdırılmadığından, uzun illər mövsümün açılış yarışına ev sahibliyi edən Avstraliya Qran-prisi Asiya mərhələlərindən sonra keçirilə bilər.
Bu halda Avstraliya Çin və Yaponiya ilə birlikdə üç yarışlıq seriyanın üçüncü mərhələsi ola bilər və ya ayrıca təşkil edilə bilər.
Bundan sonra “Formula-1” rəhbərliyi Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələlərinin apreldə keçirilib-keçirilməyəcəyinə qərar verməli olacaq. Alternativ olaraq, həmin yarışların daha sonrakı tarixə keçirilməsi və təqvimin qalan hissəsinin də təxirə salınması mümkündür.
Namiq HUN