Dana Uayt döyüşçülərə çağırış etdi: Çox döyüş, daha çox qazan!
UFC prezidenti Dana Uayt mümkün qədər tez-tez döyüşməyə hazır olan idmançıları tərifləyib və belə yanaşmanın onların daha sürətlə tanınmasına və daha çox pul qazanmasına kömək etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “MMA Fighting” nəşri məlumat yayıb.
Uayt döyüşçünün növbəti həftə yenidən döyüşmək istəməsinin müsbət hal olduğunu vurğulayıb.
“Bəli, mən döyüşməyi sevən və mümkün qədər tez-tez oktagona çıxmaq istəyən döyüşçüləri sevirəm. “Contender Series”in UFC və bütövlükdə bu biznes üçün etdiklərinə baxsaq, xüsusilə xoşdur ki, bu uşaqlar gəlir, dərhal böyük təəssürat yaradır və sonra yenidən döyüşmək istəyirlər.
Xamzat Çimayevi xatırlayın. “Fight Island”da o, “gələn həftəsonu yenidən döyüşmək istəyirəm” demişdi. Döyüşçü gələn həftəsonu döyüşmək istədiyini deyirsə, deməli, o zaman döyüşəcək. Bu, mənim xoşuma gəlir və düzgün yanaşmadır.
Əvvəla, döyüşçüsənsə, səni nə qədər çox insan tanıyırsa, adın bir o qədər tez məşhurlaşır. Bazar günü və bazar ertəsi sənin haqqında daha çox danışırlar və sən daha çox pul qazanırsan. Bunun heç bir mənfi tərəfi yoxdur. Daha çox döyüşçünün belə davranmasını istərdim”, – deyə Uayt bildirib.
Namiq HUN