“Çelsi” KL-i qazanmaqla unikal nəticəyə imza atdı
Polşanın Vrotslav şəhərində Avropanın nüfuzuna görə üçüncü klub turniri olan Konfrans Liqasının (KL) yeni sahibi müəyyənləşib.
TodayPress TV xəbər verir ki, həlledici oyunda “Betis” və “Çelsi” klubları üz-üzə gəliblər.
“Betis”in erkən qolundan sonra “Çelsi”nin fasiləyə kimi oyunda status kvonu bərpa etmək səyləri bəhrə verməyib. “Zadəganlar” yalnız ikinci hissədə 4 dəfə rəqib torunu silkəliyərək mövsümü titulla başa vurublar 4:1.
“Çelsi” “Wroclaw Stadium” uğuru ilə unikal nəticəyə imza atıb. London təmsilçisi UEFA bayrağı altında keçirilən bütün yarışların qalibi olub. “Zadəganlar” avrokuboklardakı hər 5 turnirdə titula sahib olublar.
“Çelsi” Konfrans Liqasındakı qalibiyyətə kimi klub tarixində Çempionlar Liqası, Avropa Liqası, UEFA Superkuboku və Kuboklar kuboku turnirində mükafatı başı üzərinə qaldırıb.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada 4-cü olan “Çelsi” yeni mövsüm Çempionlar Liqasında oynamaq hüququ əldə edib.
“Betis” isə La Liqada 6-cı olmaqla Avropa Liqasına vəsiqə qazanıb.
Namiq HUN
tag: Çelsi,Premyer Liqa, Avropa Liqası,UEFA ,todaypress.tv,