Lozannada böyük cüdo savaşı: Azərbaycan 14 idmançı ilə!
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, avqustun 28-dən 30-dək İsveçrənin Lozanna şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.
TodayPress TV xəbər verir ki, üç gün davam edəcək yarışda 78 ölkədən 518 cüdoçu — 309 kişi və 209 qadın tatami üzərinə çıxacaq.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 idmançı ilə təmsil olunacaq. Komandanın heyətində 10 kişi və 4 qadın cüdoçu yer alıb.
Kişilərdən ibarət milli komandaya baş məşqçi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmaya isə baş məşqçi Amina Abdellatif rəhbərlik edəcəklər.
Qadınların yarışında Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq) mübarizə aparacaq.
Kişilər arasında isə Əhməd Yusifov (60 kq), Turan Bayramov və Ruslan Paşayev (hər ikisi 66 kq), Kamran Süleymanov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Ömər Rəcəbli və Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Kənan Nəsibov və Uşanqi Kokauri (hər ikisi +100 kq) medal uğrunda mübarizə aparacaqlar.
Dünya Cüdo Turunun bir hissəsi olan turnirdə Azərbaycanın “A” kateqoriyalı beynəlxalq hakimi Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
Namiq HUN