Asensio barəsindəki ittihamlar ləğv edildi

İdman

16.05.2025 10:10

4

 “Real Madrid” klubunun müdafiəçisi Raul Asensio barəsində azyaşlı ilə əlaqəli intim video yaymaqla bağlı irəli sürülmüş ittihamlar ləğv olunub.   

TodayPress TV xəbər verir ki, bu barədə Kanar adalarının Ədalət Ali Məhkəməsi məlumat yayıb.   

Qran-Kanariyada yerləşən məhkəmə 2023-cü ildə çəkilmiş və biri azyaşlı olan iki qadının razılıq olmadan yayımlanmış intim görüntülərlə bağlı Asensio və “Real”ın gənclər komandasında oynamış üç sabiq futbolçusu barəsində cinayət işi açmışdı. 

Lakin istintaq nəticəsində məlum olub ki, video çəkilərkən Asensio başqa bir qadınla birlikdə olub və onun çəkilişdə iştirakına dair sübut yoxdur. Buna baxmayaraq, 22 yaşlı futbolçu videonu saxlaması və azyaşlının iştirakından xəbərdar olduğu halda nümayiş etdirməsi ilə bağlı şübhə altında qalır. 

Qeyd edək ki, Raul Asensio cari mövsümdə La Liqada 22 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Real Madrid” klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilədək qüvvədədir.   

Namiq HUN

tag: Real Madrid,Asensio,İttiham,Ləğv,Todaypress.tv,