Zelenski Trampla telefon danışığının detallarını açıqladı
Dünya
26.02.2026 00:51
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Tramp ilə baş tutan telefon danışığının detallarını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna lideri "Telegram" kanalında yazıb.
"ABŞ Prezidenti Donald Tramp ilə danışdıq. Hazırda komandalarımız çox çalışır və mən bütün səylərə, müharibənin dayandırılması ilə bağlı danışıqlara bu cür cəlb olunduqlarına görə təşəkkür etdim", - Zelenski paylaşımda qeyd edib.
O həmçinin "PURL" proqramının əhəmiyyətini və Ukraynanın daha effektiv müdafiə üçün ABŞ-dən ala biləcəyi hava hücumundan müdafiə sistemlərinin vacibliyini qeyd edib.
"Sabah Cenevrədə nümayəndələrimizin ikitərəfli görüşdə üzərində işləyəcəkləri məsələləri, eləcə də martın ilk günlərində danışıqlar aparan komandaların tam tərkibdə üçtərəfli formatda növbəti görüşünə hazırlığı müzakirə etdik", - Zelenski əlavə edib.
Ukrayna lideri bu danışıqların liderlər səviyyəsində görüşün təşkil edilməsinə imkan yaradacağına ümidvar olduğunu bildirib.
"Prezident Tramp bu cür addımlar ardıcıllığını dəstəkləyir. Bütün mürəkkəb və həssas məsələləri həll etməyin və nəhayət müharibəni bitirməyin yeganə yolu budur", - Zelenski vurğulayıb.
tag: Ukrayna, ABŞ, Tramp, Zelenski, todaypress.tv,
