Zelenski Hindistanın Baş naziri ilə telefon danışığı apardı

Dünya

11.08.2025 18:13

Ukrayna Prezidenti Volodimir Zelenski Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə Zelenski "Telegram" hesabında məlumat yayıb.

Danışıq zamanı tərəflər Rusiya neftinin ixracı da daxil olmaqla bir sıra mühüm məsələləri müzakirə ediblər.

Zelenskinin sözlərinə görə, söhbət kifayət qədər uzun çəkib və ikitərəfli əməkdaşlığın aktual məsələləri, həmçinin diplomatik vəziyyət geniş şəkildə müzakirə olunub.

Zelenski Modiyə Rusiya ordusunun Ukrayna şəhər və kəndlərinə etdiyi hücumlar, o cümlədən Zaporojyedə avtovağzala endirilən raket zərbəsi barədə məlumat verib.

Ukrayna Prezidenti əlavə edib ki, Hindistan bütün sülh təşəbbüslərini dəstəkləyir və Ukraynanın bu proseslərdə iştirakının zəruriliyini qəbul edir.

“Biz Rusiyaya qarşı tətbiq edilən sanksiyalar barədə ətraflı danışdıq. Qeyd etdim ki, Rusiya enerji resurslarının, xüsusilə də neftin ixracına məhdudiyyətlər qoymaq vacibdir. Bu, Kremlin müharibəni maliyyələşdirmək imkanlarını azaldacaq. İndi Rusiyaya təsir imkanları olan hər bir lider Moskvaya aydın siqnal göndərməlidir”, - deyə Zelenski vurğulayıb.

Tərəflər sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində üzbəüz görüş keçirməyə də razılaşıblar.

Töhfə Səməd 

tag: Ukrayna ,Volodimir Zelenski,Hindistan,Narendra Modi ,Todaypress.tv,