Monteneqro parlamenti ölkənin Ukraynaya dəstək missiyasında iştirakını təsdiqlədi

Dünya

12.06.2025 16:43

Monteneqro parlamenti ölkənin Avropa İttifaqının (Aİ) Ukraynaya dəstək məqsədilə həyata keçirdiyi "EUMAM Ukraine" hərbi təlim missiyasında iştirakına razılıq verib.

TodayPress TV xəbər verir ki, məsələ ilə bağlı keçirilən səsvermədə 49 deputat “lehinə”, 3 deputat isə “bitərəf” səs verib.

Monteneqronun müdafiə naziri Dragan Krapoviçin açıqlamasına görə, bu missiya çərçivəsində monteneqrolu hərbçilər Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə kimyəvi, bioloji və nüvə təhlükələrinə qarşı mühafizə, tibbi təminat, mina təmizləmə və əməliyyat hazırlığı üzrə təlim keçəcəklər. Nazir bildirib ki, Avropa İttifaqının 24 ölkəsi artıq bu proqram üçün təlimatçılar və hərbi heyət ayırıb.

Qeyd edək ki, "EUMAM Ukraine" missiyası 2022-ci ilin oktyabrında fəaliyyətə başlayıb. Layihə çərçivəsində Ukrayna hərbçiləri Aİ ölkələrinin silahlı qüvvələrinin standartları əsasında Almaniya və Polşada yerləşən təlim bazalarında mütəmadi olaraq hazırlıq keçirlər. 2023-cü ilin noyabrında Avropa İttifaqı bu məqsədlə təxminən 200 milyon avro vəsait ayırıb.

Rusiya tərəfi isə bu missiyanı tənqid edir. 2024-cü ilin martında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, “kollektiv Qərb” bu yolla Ukraynadakı münaqişənin birbaşa iştirakçısına çevrilib.

Töhfə Səməd

tag: Monteneqro ,Parlament,Avropa İttifaqı,EUMAM Ukraine,todaypress.tv,