ABŞ və Çin arasındakı münaqişədə əhəmiyyətli risklər görülür

Dünya

17.10.2025 12:08

Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ və Çin arasındakı gərginliyin artması ilə əlaqədar qlobal iqtisadi artım üçün “əhəmiyyətli mənfi risklər” olduğunu bildirir.

TodayPress TV xəbər verir ki, bu barədə BVF-nin Asiya-Sakit Okean Regionu departamentinin direktoru Krişna Şrinivasan məlumat verib.

“Əgər bu risklər tariflərin artırılması və təchizat zəncirlərinin pozulması şəklində reallaşarsa, dünya iqtisadiyyatının artımı gözləniləndən 0,3 faiz bəndi aşağı ola bilər. Gərginliyin daha da artması Çin üçün əlavə risklər deməkdir”, - deyə Şrinivasan bildirib.

Qeyd edək ki, son həftələrdə ABŞ və Çin arasındakı gərginlik bir neçə ay davam edən sabitlikdən sonra artıb. Vaşinqton Çinlə bağlı texnoloji məhdudiyyətləri genişləndirib və ABŞ limanlarına daxil olan Çin gəmilərindən rüsumlar alıb. Pekin isə cavab olaraq ABŞ gəmilərinə rüsumlar tətbiq edib və nadir torpaq metalları ixracına nəzarəti sərtləşdirən bir sıra digər tədbirlər görüb.

BVF 2025-ci ildə Asiya-Sakit Okean Regionunun iqtisadi artım tempinin 4,6%-dan 4,5%-ə, 2026-cı ildə isə 4,1%-ə düşəcəyini proqnozlaşdırır.

Aysel Mətləb

TodayPress TV

tag: BVF,ABŞ ,Çin,Şrinivasan ,Todaypress.tv,