Türkiyə və Qətər arasında razılaşmalar imzalandı
Dünya
22.10.2025 16:47
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Əmirliklər Şurasında təkbətək və heyətlərarası görüşlər keçiriblər.
TodayPress TV xəbər verir ki, görüşlərdən sonra Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 11-ci iclası baş tutub.
Bu çərçivədə iki ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb. Belə ki, "Türkiyə Respublikası ilə Qətər Dövləti arasında Ali Strateji Komitənin XI Toplantısı haqqında Birgə Bəyanamə"ni Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani imzalayıblar.
“Strategiya və Büdcə Rəyasət Heyəti ilə Qətər Dövləti Hökuməti arasında Strateji İnkişaf Planlamasının Müxtəlif Sahələrində Əməkdaşlıq və Təcrübə Paylaşımı üzrə Anlaşma Memorandumu”na Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək, ticarət naziri Ömər Bolat və Qətər Milli Planlaşdırma Şurasının baş katibi Nasər Əbdüləziz bin Əbdüləziz imza atıblar.
Türkiyə Ticarət Nazirliyi ilə Qətərin Ticarət və Sənaye Nazirliyi arasında imzalanan “Birgə Nazirlər Bəyanatı”nı Ömər Bolat və Şeyx Faysal bin Tani Al Tani imzalayıblar.
“Müdafiə sənayesində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu isə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün və Qətərin müdafiə naziri Şeyx Səud bin Əbdürrəhman bin Həsən bin Əli Al Tani imzalayıb.
Bu razılaşmalar Türkiyə ilə Qətər arasında əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişaf etdirilməsini nəzərdə tutur.
Türkan İsgəndərli
tag: Türkiyə,Qətər,Ərdoğan,Sənəd,Todaypress.tv,
