Kaya Kallas: "Rusiyaya qarşı ən sərt sanksiyalar qəbul edildi"
Dünya
18.07.2025 11:05
Avropa İttifaqına (Aİ) üzv dövlətlərin səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sosial şəbəkə hesabında yayıb.
Onun sözlərinə görə, bu paket indiyə qədər Rusiyaya qarşı qəbul edilən ən sərt sanksiyalar toplusudur. Yeni məhdudiyyətlər Rusiya neftinin ixrac qiymətinə yuxarı həddin 47,6 dollara endirilməsini, "kölgə donanması"na aid 105 gəmi və onların tərəfdaşlarına qarşı sanksiyaların tətbiqini, Rusiya banklarının maliyyə imkanlarının məhdudlaşdırılmasını və “Şimal axını” boru kəmərinin tikintisinə qadağanı nəzərdə tutur.
Bundan başqa, paket pilotsuz uçuş aparatlarında istifadə olunan texnologiyaların ixracını məhdudlaşdırır, Rosneft-in Hindistandakı neft emalı zavoduna və Ukrayna uşaqları arasında təbliğat aparan şəxslərə qarşı sanksiyalar tətbiq edir, həmçinin Rusiyanın hərbi sənayesinə və Çin banklarına təzyiqləri gücləndirir.
Türkan İsgəndərli
tag: Kaya Kallas,Aİ,Rusiya,Sanksiya,Todaypress.tv,