Şimali Avropa Baş nazirləri: “Ukraynaya dəstək davam etməlidir, Rusiya sülhdə səmimi deyil”
Şimali Avropa ölkələrinin Baş nazirləri Finlandiyanın Paimio şəhərində bir araya gəliblər.
TodayPress TV xəbər verir ki, görüşlə bağlı təşkil olunan mətbuat konfransında "Yle"nin jurnalistləri Şimali Avropa ölkələrinin Fələstin məsələsinə münasibətini soruşublar.
Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, Danimarka iki dövlət prinsipinə inanır və gələcəkdə bölgədə insanların təhlükəsiz şəraitdə yaşaya bilməsinin təmin edilməli olduğunu düşünür.
Danimarka və Finlandiya hələ Fələstini tanımayıblar, lakin hər iki ölkənin Baş naziri iki dövlət modelini dəstəklədiklərini açıqlayıblar.
Bütün Şimali Avropa ölkələrinin Baş nazirləri dünyada vəziyyətin dəyişdiyini vurğulayıb və eyni dəyərləri bölüşən Şimali Avropa qonşularının əməkdaşlığını gücləndirməsinin vacibliyini qeyd ediblər. Bu baxımdan görüş xüsusi əhəmiyyət daşıyır.
Finlandiyanın Baş naziri Petteri Orpo görüşün əvvəlində Rusiyanın Kiyevə qarşı həyata keçirdiyi hücumlara toxunaraq bildirib ki, Rusiya açıq şəkildə sülh istəmir:
“Rusiyanın həftəsonu Kiyevə etdiyi hücumları qətiyyətlə qınayırıq. Hücumlar mülki əhalini hədəf aldı və bu da göstərir ki, Rusiya sülh danışıqlarında səmimi deyil”, – deyə Orpo əlavə edib.
Frederiksen isə vurğulayıb ki, Ukraynaya bütün mümkün vasitələrlə dəstək verilməlidir.
Qrenlandiyanın Baş naziri Jens-Frederik Nielsen isə iki dəfə beynəlxalq hüququn qorunmasının vacibliyini xatırladıb.
Görüşdə rəqabət qabiliyyəti, təchizat təhlükəsizliyi və Ukraynaya dəstək məsələləri də müzakirə olunub. Eyni zamanda, görüş iştirakçılara təhlükəsizlik məsələlərini daha geniş kontekstdə müzakirə etmək imkanı verib.
Qeyd edək ki, son günlərdə Rusiya Ukraynaya qarşı hava hücumlarını gücləndirib. Ukrayna rəsmilərinin məlumatına görə, Rusiya ötən gecə Ukraynaya 355 pilotsuz uçuş aparatı göndərib və 9 raket atıb.
Baş nazirlər həmçinin Şimali Avropa ölkələrinin iri şirkətlərinin rəhbərləri ilə görüşəcəklər. Bu müzakirələrdə şirkətlərin təchizat təhlükəsizliyindəki rolu ön plana çıxacaq.
Töhfə Səməd
tag: Şimali Avropa,Baş nazir,Finlandiya,Mette Frederiksen,Finlandiya ,todaypress.tv,