Qazaxıstan prezidenti Türkiyəyə gedəcək

Dünya

28.07.2025 15:41

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 28-29 iyul 2025-ci il tarixlərində Türkiyəyə rəsmi səfər edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Kommunikasiyalar direktoru Burhanəddin Duran məlumat verib.

Səfər çərçivəsində Ankarada, Prezident Kompleksində iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcək. Görüşlərdə “Genişləndirilmiş Strateji Tərəfdaşlıq” çərçivəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək addımlar müzakirə olunacaq.

Bununla yanaşı, tərəflər regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar.

Duranın sözlərinə görə, nümayəndə heyətləri arasında keçiriləcək görüşlər zamanı iki ölkə arasında yeni müqavilələrin imzalanması da gözlənilir. Bu sənədlər Türkiyə-Qazaxıstan münasibətlərinin hüquqi bazasını daha da möhkəmləndirəcək.

Türkan İsgəndərli

tag: Qazaxıstan,Türkiyə,Tokayev,Ərdoğan,Todaypress.tv,