ABŞ şərt qoydu: Konqo 3 trilyonluq xammal müqaviləsi istəyirsə...

Dünya

25.05.2025 16:45

Demokratik Konqo Respublikası (DKR) ilə ABŞ arasında xammal müqabilində təhlükəsizlik sahəsində dəstək nəzərdə tutulan genişmiqyaslı əməkdaşlıq sazişi artıq bu yay imzalana bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “The Financial Times” danışıqların detalları ilə tanış mənbələrə istinadla məlumat yayıb.

Qəzetin məlumatına görə, DKR ilə ABŞ arasında xammal sazişi və DKR ilə Ruanda arasında sülh razılaşması artıq iyunun sonunadək imzalana bilər. Lakin bu istiqamətdə hələ də ciddi maneələrin olduğu bildirilir. Konqo hakimiyyəti hər iki razılaşmanı bir-biri ilə əlaqələndirir və ABŞ ilə xammal müqaviləsini yalnız Ruanda qoşunlarının DKR-in şərqindən çıxması və Ruandanın “23 Mart Hərəkatı” adlı üsyançı qrupa dəstəyinin dayandırılması halında imzalamağa hazırdır.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın Afrikaya dair baş müşaviri Massad Bulos bu ilin aprelində DKR və Ruanda rəsmilərinə iki ölkə arasında sülh sazişinin ilkin layihəsini təqdim edib. Bulos gələn həftə Vaşinqtonda DKR və Ruanda arasında növbəti danışıqlar raundunun keçirilməsinə çalışır.

DKR-in mədən sənayesi naziri Kizito Pakabomba bildirib ki, ABŞ ilə əldə olunacaq razılaşma Konqonun tərəfdaşlar çevrəsini şaxələndirməsinə və Çindən asılılığını azaltmasına kömək edəcək. Hazırda Çin, ölkənin xammal sektorunda dominant mövqe tutur.

"Africa Confidential" nəşrinin yazdığına görə, DKR prezidenti Feliks Çisekedinin təşviq etdiyi və təhlükəsizlik müqabilində xammal tədarükünü nəzərdə tutan bu razılaşmanın dəyəri 3 trilyon dollara qədər ola bilər. DKR əhəmiyyətli mineral ehtiyatlara malikdir və bir sıra yüksək texnoloji istehsalatda tələb olunan metalların, xüsusilə elektromobillərdə istifadə edilən kobaltın dünya üzrə aparıcı istehsalçılarından biridir. Ölkədə dünyadakı kobalt ehtiyatlarının yarısı yerləşir.

Qeyd edək ki, Konqo hakimiyyəti Ruanadan şərqdəki üsyançı qrupları dəstəkləməkdə ittiham edir. Ruanda isə DKR-i öz hökumətini devirmək məqsədi daşıyan silahlı qruplaşmalara şərait yaratmaqda günahlandırır.

Töhfə Səməd

tag: Demokratik Konqo Respublikası,ABŞ , Xammal ,todaypress.tv,