Milli Qvardiya Los-Ancelesə göndərildi

Dünya

08.06.2025 22:30

Kaliforniya Milli Qvardiyasının hərbçiləri bu gün səhər saatlarında yerli vaxtla Los-Ancelesə çatıb. Onların şəhərə gəlməsi dünən keçirilən federal immiqrasiya reydlərinə qarşı etiraz aksiyasına cavab tədbiri kimi qiymətləndirilir.

TodayPress TV “NBC News”a istinadən xəbər verir ki, əsgərlər ABŞ-nin Şimal Komandanlığının tərkibində fəaliyyət göstərən 79-cu piyada briqadasına məxsus döyüş qrupundandır. 

Onlar federal binaların və digər obyektlərin mühafizəsinə cəlb ediləcək.

ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem bildirib ki, iğtişaşların qarşısını almaq məqsədilə göndərilən Milli Qvardiya qüvvələri kütləyə nəzarət üzrə xüsusi təlim keçib:

“Bu gün yerləşdirilən 2000 əsgər kütlə içində fəaliyyət göstərə biləcək şəkildə hazırlaşdırılıb. Onlar həm binaların, həm də dinc nümayiş iştirakçılarının və hüquq-mühafizə orqanlarının təhlükəsizliyini təmin etmək üçün çalışacaqlar”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp kütləvi miqrant həbslərinin doğurduğu narazılıqlar fonunda 2000 nəfərlik Milli Qvardiya birliyinin səfərbər olunması ilə bağlı qərar imzalayıb.

Qiymət Mahir

tag: Milli Qvardiya,Los-Anceles,ABŞ ,Kaliforniya,Todaypress.tv,