"Microsoft" Hindistanın neft emalı zavodunu bağlayır
Dünya
05.08.2025 12:43
"Microsoft" Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əsasən, Hindistanın "Nayara Energy" şirkətini müvəqqəti olaraq bulud xidmətlərindən ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Register" məlumat yayıb.
Bildirilir ki, məsələ 18 iyulda Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləməsi ilə başlayıb. Sanksiyalar sənədində qeyd olunub ki, Vadinar şəhərindəki neft emalı zavoduna sahib olan "Nayara Energy"nin 49%-i Rusiyanın dövlət neft şirkəti “Rosneft”ə məxsusdur.
Aİ bu əlaqəni "Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi" kimi qiymətləndirib və "Nayara Energy"ni sanksiyalar siyahısına daxil edib.
"Nayara Energy" bu qərarı “əsassız və birtərəfli addım”, həmçinin “Hindistanın suverenliyinə hörmətsizlik” kimi qiymətləndirib.
Sanksiyalara cavab olaraq "Microsoft" "Nayara Energy"nin "Outlook" korporativ e-poçt və "Teams" əməkdaşlıq platforması da daxil olmaqla bütün bulud xidmətlərini dayandırıb.
Buna cavab olaraq "Nayara Energy" "Microsoft"u müqavilə şərtlərini pozmaqda ittiham edib və məhkəməyə müraciət edib. Ancaq məhkəmə qərarı olmadan cəmi iki gün sonra, "Microsoft" xidmətlərin göstərilməsini bərpa edib.
Türkan İsgəndərli
tag: Microsoft,Hindistan,Aİ,Rusiya,Nayara Energy,Todaypress.tv,