İrlandiyada yeni prezident seçiləcək
Dünya
24.10.2025 04:00
İrlandiyada 24 oktyabr günü prezident seçkiləri baş tutacaq.
TodayPress TV-nin məlumatına görə, ölkə ərazisindəki bütün seçki məntəqələri yerli vaxtla səhər saat 07:00-da açılacaq və axşam 22:00-a qədər fəaliyyət göstərəcək.
Bu ilki seçkilərdə iki qadın namizəd prezidentlik uğrunda mübarizə aparacaq.
68 yaşlı Ketrin Konnolli müstəqil namizəd kimi seçkilərə qatılıb. O, eyni zamanda millətçi “Sinn Féin” partiyası və bir sıra solçu siyasi qüvvələr tərəfindən dəstəklənir.
Onun rəqibi, 62 yaşlı Heder Hamfris, “Fine Gael” (FG) partiyasının namizədidir. Hamfris həmçinin “Fianna Fóil” (FF) partiyası ilə birlikdə formalaşan hakim koalisiyanın dəstəyini alıb.
Seçki bülletenində əvvəllər üçüncü bir ad – Jim Gavin də yer almışdı. Lakin o, oktyabr ayında maliyyə qalmaqalı və bir sıra səhvlər səbəbindən namizədliyini geri götürüb.
İrlandiyada prezident seçkiləri hər 7 ildən bir keçirilir. Prezident əsasən simvolik və konstitusional funksiyaları icra etsə də, ölkə daxilində milli birliyin simvolu sayılır.
Aynur TAC
tag: İrlandiya, Prezident, Seçki, Namizəd, todaypress.tv,
