Güclü qar səbəbindən Türkiyədə bəzi yollarda nəqliyyatın hərəkəti dayandırıldı

Dünya

31.12.2025 11:50

Türkiyənin müxtəlif bölgələrində güclü qar və çovğun səbəbindən bir sıra avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Avtomobil Yolları Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, Kahramanmaraş-Göksun avtomobil yolunun 0 ilə 53-cü kilometrləri arasında güclü qar müşahidə olunur. Bu səbəbdən yol müvəqqəti olaraq ağırtonnajlı nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. 

Məlumata görə, Kangal-Gürün yolunun 41 ilə 66-cı kilometrləri, Sivas-Gürün yolunun 0 ilə 19-cu kilometrləri və Sivas-Kangal yolunun 0 ilə 42-ci kilometrləri arasında qar səbəbindən səhər saatlarından etibarən nəqliyyatın hərəkəti təmin edilə bilmir. 

Eyni zamanda Malatya-Adıyaman vilayət sərhədində yerləşən Erkenek-Gölbaşı yolu ilə Adıyaman-Çelikhan avtomobil yolunun açılması istiqamətində işlərin davam etdiyi qeyd olunub. Bundan əlavə, Niğde-Çiftlik yolunun 8 ilə 30-cu kilometrləri arasında da güclü qar nəqliyyatın hərəkətinə mane olub. 

Açıqlamada vətəndaşların can və mal təhlükəsizliyinin təmin edilməsi məqsədilə sözügedən marşrutlarda nəqliyyatın hərəkətinin dayandırıldığı, qarla mübarizə briqadalarının isə ərazilərdə fasiləsiz şəkildə fəaliyyət göstərdiyi vurğulanıb.

Aysel Mətləb

TodayPress TV

tag: Türkiyə,Qar,Çovğun ,Nəqliyyat,Todaypress.tv,