Fransa Putinin iqamətgahına hücumla bağlı sübutların olmadığını iddia edir
Dünya
31.12.2025 12:44
Fransa tərəfi bildirib ki, Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum etmək üçün dronlardan istifadə etdiyinə dair heç bir inandırıcı dəlil yoxdur.
TodayPress TV xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.
Nəşrə danışan və Fransa Prezidenti Emmanuel Makrona yaxın olan mənbə bildirib ki, Rusiyanın Ukraynaya qarşı zərbələrinin intensivləşdirilməsi ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü sülh təşəbbüslərinə qarşı açıq itaətsizlik aktı kimi qiymətləndirilə bilər.
Mənbənin sözlərinə görə, aparılan yoxlamalara və tərəfdaş ölkələrlə məlumat mübadiləsinə baxmayaraq, Rusiya hakimiyyətinin irəli sürdüyü ciddi ittihamları təsdiqləyən hər hansı əsaslı sübut əldə olunmayıb. O qeyd edib ki, Rusiya rəsmilərinin özləri də hadisənin əslində necə baş verdiyi məsələsində bir-birinə zidd açıqlamalar verirlər.
Xatırladaq ki, dekabrın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna pilotsuz uçuş aparatlarının Novqorod vilayətində yerləşən Vladimir Putinin iqamətgahına hücum etməyə cəhd göstərdiyini iddia edərək bu məsələ ilə bağlı narazılığını ifadə edib.
Aysel Mətləb
tag: Fransa,Rusiya,İqamətgah,Ukrayna,Todaypress.tv,
