Ərdoğan və Tramp nələri müzakirə etdilər? - İran, Ukrayna, Rusiya...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, liderlər Türkiyə-ABŞ ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal prosesləri müzakirə ediblər.
Ərdoğan Türkiyə ilə ABŞ arasında əməkdaşlığın artan templə davam edəcəyinə inandığını bildirib. O, qarşıdakı dövrdə ikitərəfli münasibətlərə yeni dinamika qazandırmaq üçün çalışacaqlarını vurğulayıb.
Ərdoğan ABŞ və İran arasında gərginliyin sona çatmasının, mövcud problemlərin isə diplomatik yollarla həll edilməsinin vacibliyini qeyd edib. Türkiyənin sülh naminə səylərini davam etdirəcəyini bildirib.
Türkiyə lideri, həmçinin Ukrayna-Rusiya müharibəsinin başa çatdırılması istiqamətində artan diplomatik səylərin müsbət nəticə verəcəyinə ümid etdiyini söyləyib.
O, Türkiyənin bu istiqamətdəki təşəbbüslərə töhfə verməyə davam edəcəyini, həm Ukrayna, həm də Rusiya ilə təmasların artırılmasının vacibliyini vurğulayıb.
Ərdoğan görüş zamanı ABŞ Prezidenti Donald Trampa Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə göstərdiyi dəstəyə görə də təşəkkür edib.
Aysel Mətləb