Ərdoğan NATO Zirvəsində iştirak etmək üçün Haaqaya yola düşdü

Dünya

24.06.2025 17:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak etmək üçün Niderlandın Haaqa şəhərinə səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, öz "X" hesabında zirvə ilə bağlı önəmli mövzulara dair mövqeyini açıqlayıb.

Ərdoğan bildirib ki, zirvədə NATO-nun müdafiə qabiliyyətini gücləndirəcək addımlar müzakirə olunacaq. O, həmçinin müttəfiqlərin müdafiə xərclərini artırması ilə bağlı yeni hədəflərin müəyyənləşdiriləcəyini vurğulayıb.

“Biz ədalətli yük paylaşımını və Avropa təhlükəsizliyinin möhkəmləndirilməsini xüsusilə müdafiə edirik. Həm də NATO-nun ikinci ən böyük quru ordusunu idarə edən müttəfiqik. Eyni zamanda, ölkəmizin müdafiə imkanlarını daim inkişaf etdirərkən, İttifaqın caydırıcılığına da mühüm töhfələr veririk”, - deyə Prezident bildirib.

Lakin Ərdoğan qeyd edib ki, daha güclü müdafiə və daha təsirli ordu hədəfi ilə irəliləyərkən, müttəfiqlər arasında müdafiə sənayesi məhsullarının ticarətinə maneələrin yaradılması qəbuledilməzdir. O, bu cür məhdudiyyətlərin qısa zamanda, heç bir "amma" və "lakin" olmadan aradan qaldırılmalı olduğunu bildirib.

Ərdoğan Avropa İttifaqına da mesaj göndərərək bildirib:

“Avropanın təhlükəsizliyinə bir çox üzv ölkənin cəminə nisbətən daha çox töhfə verən ölkəmiz, İttifaqın müdafiə təşəbbüslərinə uyğun şəkildə daxil edilməlidir”.

Prezident Ərdoğan Ukraynada davam edən müharibənin ədalətli və daimi həll yoluyla sona çatdırılmasının da zirvənin əsas mövzularından biri olacağını bildirib.

Ərdoğan sonda bölgənin bütün dünyada hiss olunacaq müharibə yükünü daşıya bilməyəcəyini qeyd edib və tərəfləri diplomatiyaya üstünlük verməyə çağırıb:

“Əllərin tətikdən çəkilməsi və münaqişələrin həlli üçün diplomatiyaya şans tanınması ən düzgün, xeyirli və məntiqli yol olacaq. Türkiyə olaraq beynəlxalq hüququ nəzərə alan, diplomatiyaya üstünlük verən prinsipial mövqeyimizi qətiyyətlə davam etdirəcəyik”.

Töhfə Səməd

tag: Türkiyə ,Rəcəb Tayyib Ərdoğan,NATO,Haaqa,Todaypress.tv,