Çin Britaniyanın Tayvanla bağlı açıqlamalarını tənqid etdi

Dünya

31.12.2025 14:26

Çinin Britaniyadakı səfirliyi Britaniya tərəfinin Tayvan ilə bağlı açıqlamalarına görə dərin təəssüf hissi keçirdiyini və bu mövqeyə qətiyyətlə qarşı çıxdığını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, Çin Xalq Azadlıq Ordusunun Tayvan ətrafında keçirdiyi hərbi təlimlərdən sonra Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf İdarəsinin sözçüsü tərəfləri sülh və sabitliyi poza biləcək hərəkətlərdən çəkinməyə və təmkinli olmağa çağırıb. 

Çin səfirliyi isə bu açıqlamanı səhv, faktların təhrif edilməsi və həqiqətin manipulyasiyası kimi qiymətləndirib.

Çin səfirliyinin sözçüsü bildirib ki, Tayvan Çinin bir əyalətidir və Tayvan məsələsi Çinin daxili işidir. O qeyd edib ki, Çin Xalq Azadlıq Ordusu tərəfindən keçirilən hərbi təlimlər Tayvandakı separatçı qüvvələrə qarşı cəzalandırıcı və çəkindirici tədbir, eyni zamanda xarici müdaxiləyə qarşı sərt xəbərdarlıqdır. 

Sözçü vurğulayıb ki, heç bir ölkənin bu məsələyə dair məsuliyyətsiz şərhlər vermək hüququ yoxdur.

Bəyanatda həmçinin qeyd olunub ki, Çin Böyük Britaniya hökumətini vahid Çin prinsipinə ciddi şəkildə hörmət etməyə, Çinə qarşı götürdüyü öhdəliklərə əməl etməyə, Çinin daxili işlərinə müdaxilə edən, Tayvandakı separatçı qüvvələri təşviq edən və Tayvan boğazında sülh və sabitliyi pozan istənilən addımdan çəkinməyə çağırır.

Aysel Mətləb

TodayPress TV

tag: Çin,Tayvan,Britaniya,Tənqid,Todaypress.tv,