Britaniya hökuməti "Apple"dan istifadəçi məlumatlarına çıxış tələb edir
Dünya
02.10.2025 16:05
Britaniya hökuməti bu il ikinci dəfə Apple şirkətinə müraciət edərək, istifadəçilərin “bulud”da saxlanan şəxsi məlumatlarına çıxış imkanı yaradacaq “arxa qapı” mexanizmi qurmağı tələb edib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Financial Times" məlumat yayıb.
Məlumata görə, Daxili İşlər Nazirliyi sentyabrın əvvəlində "Apple"a müraciət edib. Bu addım, ABŞ-dəki müştərilərin məlumatlarına çıxış cəhdinin uğursuzluqla nəticələnməsindən sonra atılıb. Nazirlik əməliyyat məsələləri barədə rəsmi şərh verməkdən imtina edib.
Böyük Britaniyada vətəndaş azadlıqları təşkilatları bu qərardan narahat olduqlarını bildiriblər. Onların fikrincə, belə bir addım dayandırılmazsa, gələcəkdə digər texnologiya şirkətlərinə də oxşar tələblər irəli sürüləcək.
"Apple" isə bəyan edib ki, heç vaxt məhsul və xidmətləri üçün “arxa qapı” və ya əsas açar yaratmayıb və gələcəkdə də yaratmağı planlaşdırmır. Şirkət bildirib ki, istifadəçilərə ən yüksək təhlükəsizlik səviyyəsini təklif etməkdə israrlıdır.
Qeyd edək ki, fevral ayında "Apple" Britaniya istifadəçiləri üçün tam uçdan-uca şifrələməni – Qabaqcıl Məlumatların Mühafizəsini geri götürüb. Bu səbəbdən Britaniyadakı mövcud istifadəçilər gələcəkdə bu funksiyanı deaktiv etməli ola bilərlər.
Bu mübahisə, hökumətin sənədsiz immiqrasiyanın qarşısını almaq və rəqəmsal şəxsiyyət vəsiqələri tətbiq etmək planları ilə bağlı ictimaiyyətdə yaranan narazılıqlar fonunda daha da diqqət çəkib.
Jalə Rövşən
tag: Britaniya,Apple,TodayPressTV,
